Feb 06 2019 17:48
Views: 496

Şamaxı rayonunda ötən gün baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib. Şamaxı Rayon İcra hakimiyyətinin məlumatına görə, yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir. Qeyd olunub ki, Şamaxıda 12-yə yaxın tikiliyə ziyan dəyib.  Zəlzələ ilə əlaqədar qəzalı vəziyyətdə olan hasarlar və ya evlərin bir hissəsində uçma olub. 

Zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb.  Zəlzələ bölgəsində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, zəlzələ ilə əlaqədar nazirliyin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub.  Nazir qeyd edib ki, heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.

Ötən gecə Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub. Səhiyyə Nazirliyi fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxanasının  gücləndirilm iş rejimdə çalışdığını açıqlayıb. Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib.

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

Ötən gecə Şamaxıda baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib. Təhsil Nazirliyinin məlumatına görə, Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunda tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da zəlzələ bölgəsindədir. Qeyd edək ki, ötən gün Azərbaycanda 4,4 və 6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib. İlk zəlzələ yerli vaxtla saat 23:19-da Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Saat 23:31-də isə İsmayıllı ərazisində ikinci zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.


Create Account



Log In Your Account