Oct 29 2018 18:46
Views: 740

Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonunu işğal etməsindən 25 il ötür. 1993-cü il oktyabrın 29-da ərazisi 730 kvadrat kilometr olan rayon tamamilə işğal edilib. Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. Çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, maddi-mədəni abidələr məhv edilib.
Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azərbaycanın Cənub-qərb hissəsinin tamamilə işğalını başa çatdırmaq olub.  Bundan bir neçə gün əvvəl Horadiz qəsəbəsini işğal etməklə Zəngilanın digər rayonlarla əlaqəsinin kəsilməsi də bu məqsədə xidmət edib. Zəngilan rayonu Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşəndiyindən mühüm strateji əhəmiyyətə malik olub.  
Zəngilanın işğalı ilə bağlı BMT-nin 884-cü qətnaməsinə əsasən, birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan bu tələblərə hələ də əməl etmir.
İşğalın ildönümündə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi də bəyanat yayıb. Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirib ki, Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Zəngilan rayonunun 44 mindən çox olan azərbaycanlı sakini beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüzə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilat və nüfuzlu qurumlarda kifayət qədər hüquqi sənədin qəbuluna nail olsa da, bu, Ermənistanı işğal siyasətindən çəkindirmir.  
İndi Zəngilandan məcburi köçkün düşmüş 45 min rayon sakini Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Onlar üçün  doğma şəhəri, torpağı haqqında keçmiş zamanda danışmaq ağrılıdır. Zəngilanlılar hər gün o torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar.
Zəngilan rayonu maddi sərvətlərlə də zəngin olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 6,5 ton qızıl və 3 min ton mis ehtiyatı olan Vecnəli qızıl yatağı rayon ərazisində yerləşib. Bundan başqa zəngin əhəngdaşı yataqları mövcud olub. Erməni işğalçıları rayonun təbiətini də istismar edir. İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər.
Zəngilan eyni zamanda böyük ekoloji terrora məruz qalmış ərazidir. Belə ki, Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır.


Create Account



Log In Your Account