Oct 29 2019 17:00
Views: 195

3 ay mühasirədə qalan Zəngilan ən son işğal olunan rayon kimi tarixə düşüb. 1993-cü il oktyabrın 29-da ərazisi 730 kvadrat kilometr olan rayon tamamilə işğal edilib. Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. Çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi yandırılaraq məhv edilib. Rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib.  İşğaldan bir neçə gün əvvəl Horadiz qəsəbəsini işğal etməklə Zəngilanın digər rayonlarla əlaqəsinin kəsilməsi də bu məqsədə xidmət edib.

Zəngilan  ərazisi qiymətli metallar və tikinti materialları ilə zəngindir.  Təbiəti, eləcə də meşə təsərrüfatı qoz, yaşlı çinar və digər qiymətli ağaclarla bol olub. Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar və mineral bulaqları var. 

İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər. Zəngilan eyni zamanda böyük ekoloji terrora məruz qalmış ərazidir. Belə ki, Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır.


Create Account



Log In Your Account