Oct 23 2019 14:13
Views: 315

Bakının növbəti dəfə nüfuzlu beynəlxalq toplantıya ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi nüfuzun göstəricisidir. Milli Məclis üzvü, politoloq Elman Nəsirov bu fikirdədir. Millət vəkili xatırladır ki, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanatlar qəbul edib. Bu baxımdan, Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısının Bakıda küçirilməsi böyük əhəmiyyət kəsb edir.    

Zirvə toplantısından sonra təşkilatda Azərbaycan sədrliyə başlayacaq. Millət vəkili Tahir Mirkişili hesab edir ki, 120-dən çox dövləti birləşdirən, BMT-nin Baş Assambleyasından sonra ikinci böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi dövlətimizin milli maraqlarına ciddi xidmət edəcək.

Ekspertlər qeyd edirlər ki, Qoşulmama Hərəkatı üzv ölkələrin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi, bir-birinin işinə qarışmaması, bütövlükdə  səy və resurslarını daha çox insanların və xalqların inkişafına  yönəltməsi  baxımından mühüm platformadır. Belə bir platformada Azərbaycanın sədrliyə başlaması kifayət qədər mühüm hadisədir.

 Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.  Sammitdə 60 ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir.

 


Create Account



Log In Your Account